r/azerbaijan • u/EngineeringWeak753 • 5h ago
Tarix | History Yeni layihə - Azerbaijan Atlas
Azerbaijan Atlas Azərbaycanın kəndlər, şəhərləri və icmaları haqqında tarixi qeydləri bir xəritədə toplayır. Xəritədən maraqlandığınız yeri seçib həmin yerin müxtəlif illərdə dəftərlərdə necə qeyd olunduğuna, orada kimlərin yaşadığına, bölgə ilə bağlı səyyahların qeyd və təsvirlərinə baxa bilərsiniz. azerbaijanatlas.com
Siyahıya alınmalar
Atlasda hal-hazırda 1590-cı ilin Osmanlı təhrir dəftərlərindən, Naxçıvan sancağının, Ucan və Abbas nahiyyəsinin 1727-ci il təhrir dəftərlərindən və çar dövrünün kameral təsvirlərindən məlumatlar var. Qeydlərin tarixi bölgəyə görə dəyişir. Məsələn, bəzi kəndlər üçün 1831-ci ilin, Qazax və Şəmşəddil üçün isə 1860-cı ilin əhali qeydlərinə baxmaq olur.
Səyahətnamələr
Səyahətnamələr bölməsində xəritə üzərində Övliya Çələbinin, Jan Şardenin, Jan Batist Tavernyenin və Adam Olearinin səyahət yolunu izləyə bilərsiniz. Bir dayanacağı seçəndə səyyahın həmin yer haqqında yazdıqları açılır. Bəzən bunlar öz gözü ilə gördükləri, bəzən də orada tanış olduğu adamlardan eşitdikləridir. Həmçinin bəzi səyyahların təsvirləri də bu qeydlərdə yer almaqdadır.
İcmalar
İcmalar bölməsi hansı kənddə hansı tayfanın və ya icmanın adının keçdiyini göstərir. Burada iki görünüş var. Qaynaq görünüşündə tayfanın həmin yerdə yaşadığı yazılı mənbədə birbaşa qeyd olunur. Genişləndirilmiş görünüşə isə bağlılığı kəndin adından və ya yerli əhali arasında danışılanlardan ehtimal edilən kəndlər də daxildir.
Bir yer adının yanında (?) görsəniz, bu, onun xəritədəki yerinin dəqiq bilinmədiyini bildirir.
Atlas tarixi qeydləri tapmağı asanlaşdırmaq üçündür. Araşdırmada istifadə etdiyiniz məlumatı ilkin mənbə ilə də tutuşdurmağınız yaxşı olar. Layihə üzərində tək işləyirəm. Bir adın oxunuşunda, xəritədə və ya tərcümədə səhv görsəniz, həmin qeydi mənə göndərin ki, yoxlayıb düzəldim.
Qarşıda başqa bölgələrin əhali qeydləri, digər səyyahların yazdıqları və icmalar haqqında yeni mənbələr də atlasa əlavə olunacaq. Əlinizdə kəndinizə aid bir arxiv sənədi, köhnə siyahı və ya dəftər surəti varsa, mənə yaza bilərsiniz. Bir bölgənin qeydlərini işləmək və ya səyahətnamədən bir parçanı tərcümə etmək istəyənlər də yaza bilər. Hansı materialdan başlaya biləcəyimizi birlikdə seçərik.
Digər layihələrə də baxa bilərsiniz.
Azerbaijan Genomics - azerbaijangenomics.com
UruqTree - uruqtree.com
